logo

Yol Polisi yeni dərs ilinin başlanması ilə əlaqədar sürücülərə müraciət edib

11:33 15-09-2024 | icon 791
Yol Polisi yeni dərs ilinin başlanması ilə əlaqədar sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya daxil olan müraciətdə yeni tədris ili başlanması ilə əlaqədar yollarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq polis, o cümlədən DYP tərəfindən zəruri təşkilati-əməli işlər görüldüyü, şəxsi heyətin gücləndirilmiş iş rejimində çalışdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, lakin yollarda sıxlığın azaldılmasına xidmət edən qabaqlayıcı tədbirlər yalnız hərəkət iştirakçılarının məsələyə adekvat yanaşması ilə effektiv nəticə verə bilər.

“Təsadüfi deyil ki, təhsil müəssisələrinin yerləşdiyi küçə və prospektlərdə sıxlığın, tıxacların yaranması məhz həmin təhsil ocaqlarına fərdi avtomobillə gələn şəxslərin dayanma, durma və parklama qaydalarını kobud şəkildə pozmasından qaynaqlanır.

Baş Dövlət Yol Polisi İdarəsi bütün təhsil ictimaiyyətini təbrik edir, bununla yanaşı, təhsil müəssisələrinə şəxsi nəqliyyat vasitələrində gələn sürücülərə, xüsusilə övladlarını məktəbə fərdi minik avtomobilində aparıb-gətirən valideynlərə müraciət edərək onlardan digər hərəkət iştirakçılarına süni maneələr yaratmamağı, xüsusilə paytaxtda nəqliyyat sıxlığını nəzərə alaraq, mümkün qədər ictimai nəqliyyatdan istifadə etməyi, yaxın məsafələri piyada qət etməyə üstünlük verməyi xahiş edir, gənc nəsildə yol hərəkəti mədəniyyətinin formalaşmasına töhfə verməyə, bu işdə şəxsi nümunə göstərməyə çağırır”, - deyə müraciətdə qeyd olunur.