logo

Paytaxtın 10 km uzunluqdakı mərkəzi küçəsi daha bir neçə gün bağlı olacaq

16:46 26-08-2024 | icon 791
Paytaxtın 10 km uzunluqdakı mərkəzi küçəsi daha bir neçə gün bağlı olacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən "8 Noyabr" prospektində aparılan əsaslı təmir işləri davam edir.

AAYDA-dan YeniAvropa-ya bildirilib ki, paytaxtın əsas prospektlərindən biri sayılan və uzunluğu 10 kilometr olan "8 Noyabr" prospekti uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı. Layihə üzrə aparılan əsaslı təmir işləri çərçivəsində nəqliyyat vasitələrinin sürətli və maneəsiz hərəkətini təmin etmək, eləcə də yolun fasiləsiz olaraq yüksək hərəkətli buraxma qabiliyyətinin təmin edilməsi məqsədilə 8 zolaqlı (4 gediş, 4 gəliş) hərəkət hissəsinin, velosiped zolağının, bufer zonasının və səkilərin tikintisi işləri yerinə yetirilir.

Qeyd olunan işlər prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək, Sadıqcan küçəsi ilə kəsişməsindən Zığ dairəsi və əks istiqamətdə olan hissələrində, həmçinin layihə çərçivəsində Afiyəddin Cəlilov küçəsində yerinə yetirilərək yekunlaşdırılıb.

Hazırda əsaslı təmir işləri prospektin Xəqani Rüstəmov küçəsindən Mərkəzi Bulvar küçəsinədək (Zığ dairəsi istiqaməti) və Sadıqcan küçəsindən Ramiz Quliyev küçəsinədək (şəhər istiqaməti) olan hissəsində davam etdirilir.

Agentlik tərəfindən prospektin həmin hissələrində asfaltlanma işləri icra olunur. Qeyd olunan istiqamətlər üzrə yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşan kimi əks istiqamətlərdə də asfaltlanma işlərinə başlanılacaq.