Moskvaya qarşı sanksiyalar çərçivəsində İsveçrə hakimiyyəti tərəfindən dondurulan Rusiya aktivlərinin dəyəri aprel ayından bəri 1,3 milyard frank (1,5 milyard dollar) artıb.
YeniAvropa xəbər verir ki, bu barədə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) bəyanatında deyilir.
Bildirilir ki, 2024-cü il avqustun 13-nə olan məlumata görə Rusiyanın 7,1 milyard İsveçrə frankı dəyərində maliyyə aktivləri, 17 daşınmaz əmlak, həmçinin idman avtomobilləri və lüks avtomobillər, sənət əsərləri və mebel, eləcə də sanksiyalar tətbiq edilmiş fiziki şəxslərə, şirkətlərə və təşkilatlara məxsus aktivlər bloklanıb.
SECO-nun məlumatına görə, bu məbləğdən 1,3 milyard İsveçrə frankı hazırda ilkin əsasda dondurulub. Qeyd olunur ki, bəzi hallarda “aktivlər ehtiyat tədbiri kimi bloklanır və vəziyyət diqqətlə nəzərdən keçirildikdən sonra məhdudiyyətlər aradan qaldırıla bilər”.
İsveçrədə dondurulmuş Rusiya aktivlərinin dəyəri aprel ayında 5,8 milyard frank (təxminən 6,7 milyard dollar) təşkil edib.