logo

Bakıda İtaliyanın qida və içki sektorlarının təqdimatı keçirilib

14:44 19-06-2024 | icon 1715
Bakıda İtaliyanın qida və içki sektorlarının təqdimatı keçirilib

İyunun 19-da İtaliya Ticarət Agentliyinin Bakı ofisi İtaliyanın Azərbaycandakı səfirliyinin əməkdaşlığı ilə “Made in Italy” brendinə məxsus qida və içki sektorlarının təbliğatına həsr olunmuş silsilə tədbirlər keçirib.

YeniAvropa xəbər verir ki, tədbirlər çərçivəsində İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko və İtaliya Ticarət Agentliyinin Bakı ofisinin direktoru Andrea Makkanikonun iştirakı ilə mətbuat konfransı təşkil edilib.

Mətbuat konfransında iştirakçılara İtaliyanın qida və içki sektorlarının Azərbaycanda davam edən təbliğatında, onun əsas xüsusiyyətlərindən, indiyədək əldə edilmiş nəticələrdən və İtaliyanın qida və şərab sektorunun Azərbaycana ixracatının son illərdə artım tendensiyasından bəhs edilib.

file...00+1-0-4-

Daha sonra tanınmış azərbaycanlı aşpaz Ehtiram Fərzəlibəyov və “Oro Nero” restoranının baş aşpazı Salvatore Biankanın iştirakı ilə yemək şousu təşkil edilib. İtalyan mətbəxinə həsr olunmuş yemək şousu hər kəsə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olmağa namizəd olan çoxsaylı italyan təamlarından bəzilərini anlamaq və dadmaq imkanı yaradıb.

Tədbirlər zamanı İtaliyanın qida və şərab sektorunda fəaliyyət göstərən 13 şirkətin təmsilçilərinin Azərbaycana işgüzar səfəri, yerli idxalçılar arasında baş tutan ikitərəfli görüşlər və mümkün əməkdaşlıqlara başlanması məsələləri müzakirə edilib.

Həmçinin valpolicella şərablarının mühafizəsi üzrə Konsorsium ilə birgə əməkdaşlıq çərçivəsində hotel, restoran, kafe sektorundakı peşəkarlara həsr olunmuş “VEP – Valpolicella Təhsil Proqramı” adlı təlim kursu keçirilib. Təlim kursunun sonunda iştirakçılara diplomlar təqdim edilib.

Tədbirlərin əsas məqsədi qeyd olunan sektorlar üzrə iki ölkə arasında olan iqtisadi-ticari əlaqələri gücləndirmək və “Made in Italy” məhsullarının Azərbaycan bazarında davamlılığını artırmaq, eləcə də İtaliyadan idxal olunan məhsulların Azərbaycan bazarında tanınmasını təşviq etməkdir.