Mayın 15-17-də Bakıda “17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi” çərçivəsində “Beynəlxalq Aqrar İnnovasiya Forumu” keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, Forumda kənd təsərrüfatının müxtəlif sahələrinə dair panel müzakirələr təşkil olunacaq. Həmçinin “Caspian Agro 2024” çərçivəsində keçiriləcək panellərdə yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə kənd təsərrüfatının müxtəlif prioritet sahələri üzrə müzakirələr aparılacaq.
Forumda bir sıra dövlət qurumları, yerli özəl şirkətlər, eləcə də xarici şirkətlərin ixtisaslaşmış ekspertləri kənd təsərrüfatı və iqlim dəyişikliyinin aqrar sahəyə təsiri ilə bağlı öz bilik və təcrübələrini bölüşəcəklər.
Panellərdə iqlim dəyişmələrinin kənd təsərrüfatı sektoruna təsiri və bu təsirə qarşı mübarizə üsulları, həmçinin ölkədə keçiriləcək “COP29” tədbirinin əhəmiyyəti, yerli istehsalın təşviqi, heyvandarlığın və yem istehsalının dayanıqlı inkişafı, ərzaq təhlükəsizliyinin təminatı baxımından qlobal çağırışlar və innovasiyaların roluna dair müxtəlif təqdimatlar keçiriləcək.