Bu ilin 11 ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 7766 nəfər cəlb edilib, həmin şəxslərdən 7567-si kişi, 199-u qadın olub.
YeniAvropa xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü ilin yanvar-noyabr aylarının yekununa dair hesabatında yer alıb.
Cinayət məsuliyyətinə cəlb edilmiş 89 xarici ölkə vətəndaşından ümumilikdə 695 kiloqram 92,048 qram və 1990 ədəd həb müxtəlif növ narkotik vasitə və psixotrop maddə, 590 ədəd həb güclü təsir edən maddə və 568 ədəd (327 kiloqram 575 qram) narkotik tərkibli çətənə bitkisi götürülüb.
Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 266 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 3 ton 29 kiloqram 595,76 qram və 8730 ədəd həb metadon, 95 ədəd həb müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, 90245 ədəd həb, 7631 ədəd kapsul və 1 kiloqram 517 qram güclü təsir edən maddə, 40,682 qram prekursor çıxarılıb.
Aşkar edilmiş cinayətlərin 306-sı qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 2 ton 132 kiloqram 892,71 qram və 1270 ədəd metadon narkotik vasitə, 32 kiloqram 213,1 qram və 95 ədəd həb psixotrop maddə və 189,9 qram güclü təsir edən maddə müsadirə edilib. 3088 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 1 ton 469 kiloqram 604,46 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.