logo

Kəlbəcərdə tutulmuş erməni diversantın məhkəməsi başlayıb

10:30 07-12-2023 | icon 1246
Kəlbəcərdə tutulmuş erməni diversantın məhkəməsi başlayıb

Kəlbəcər istiqamətində tutulmuş erməni diversant Voskanyan Qaqik Aşotinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

YeniAvropa  xəbər verir ki, proses Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında keçirilir.

Hakim elan edib ki, Qaqik Voskanyan dövlət hesabına vəkil və tərcüməçi ilə təmin edilib. Hakim ona hüquqlarını izah edib.

Məhkəmə prosesi hazırda davam edir.

Xatırladaq ki, bu il avqustun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması faktı ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

Qeyd olunan qanunsuz əməllərin qarşısı alınan zaman saxlanılmış Ermənistan silahlı birləşmələrinin üzvü Voskanyan Qaqik Aşotinin Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə terrorçuluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.