Polis Akademiyasını bitirib daxili işlər orqanlarında işləmək istəməyən təhsil xərcini geri ödəyəcəklər
Xüsusi təyinatlı təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmuş şəxslərlə daxili işlər orqanlarında xidmətkeçmə haqqında müqavilə bağlanacaq.
YeniAvropa xəbər verir ki, bu, prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, bu müqavilədə şəxslərin təhsilini başa vurduqdan sonra 7 il müddətində daxili işlər orqanlarında xidmət keçmək vəzifəsi nəzərdə tutulacaq. Təhsili başa vurduqdan sonra daxili işlər orqanlarında xidmət keçmək istəməyən, yaxud həmin müddətə öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxan şəxslərin Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisəsində onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi müəyyənləşəcək.
Qeyd olunan müqavilənin forması və çəkilmiş xərclərin hesablanma qaydası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası tərəfindən müəyyən ediləcək.
Daxili İşlər Nazirliyi xüsusi təyinatlı ali təhsil müəssisəsində bakalavrların hazırlanmasına çəkilmiş xərclər daxili işlər orqanlarında xidmətkeçmə haqqında müqavilə ilə müəyyən edilmiş müddətdə könüllü ödənilmədikdə məhkəmə qaydasında tutulacaq.