logo

Allahşükür Paşazadə Qazaxıstanın mədəniyyət naziri ilə görüşüb

16:56 04-12-2023 | icon 1414
Allahşükür Paşazadə Qazaxıstanın mədəniyyət naziri ilə görüşüb

Dekabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Dünya və Ənənəvi Dinlər Liderləri Qurultayının katibliyinin üzvü şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Qazaxıstanın mədəniyyət və informasiya naziri Aidə Balayeva ilə görüşüb.

YeniAvropa xəbər verir ki, görüşdə şeyxülislam A.Paşazadə Azərbaycan və qazax xalqlarının tarixi dostluq münasibətlərindən bəhs edib, ölkələrimiz arasında bir sıra sahələrdə olduğu kimi, mədəni əlaqələrin də inkişaf etdiyini vurğulayıb.

Söhbət zamanı əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin önəmi qeyd olunub. Bildirilib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində qardaş xalqlarımız və dövlətlərimiz arasında bütün sahələrdə münasibətlərin inkişafı, o cümlədən dini-mənəvi əlaqələrin dərinləşməsi üçün yeni imkanların açıldığı bir dövrdə ortaq dini-mədəni dəyərlərin, Türk-İslam irsinin, tarixi, milli ənənələrin qorunub saxlanılması istiqamətində səylər artırılır.

Nazir Aidə Balayeva iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. O deyib ki, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə töhfə verə biləcək geniş imkanlar mövcuddur.

Dövlət başçılarının qarşılıqlı səfərlərinin qardaş ölkələrimiz arasında əlaqələrin inkişafına böyük təkan verdiyini vurğulayan şeyxülislam A.Paşazadə öz növbəsində Dünya və ənənəvi din liderlərinin 20 illik tarixə malik Astana qurultaylarında mütəmadi iştirakından danışıb, TDT Müsəlman Dini İdarə rəhbərlərinin növbəti toplantısının gələn il Qazaxıstanda keçiriləcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, parlamentin komitə sədrləri və deputatlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iştirak ediblər.