Azərbaycanda daha bir ali təhsil müəssisəsində turizm ixtisası da tədris ediləcək.
YeniAvropa xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən İƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin I görüşündə bildirib.
"Hazırda agentliyin tabeliyində 3 turizm təhsili ocağı - universitet, kollec və peşə məktəbi var. Yeni yaradılan Qarabağ Universitetində də turizm ixtisası tədris ediləcək", - deyə F.Nağıyev qeyd edib.
Hazırda Azərbaycanda turizm sahəsində on minlərlə insanın çalışdığını bildirən agentlik sədri turizm sektorunda yüksəkixtisaslı, yaxşı təlim keçmiş və bacarıqlı kadrlara hər zaman tələbat olduğunu əlavə edib: “Turizm təhsilinin əsas məqsədi də turizmin bütün alt sahələri üçün lazımi bilik və bacarıqlara malik insan kapitalını təmin etməkdir. Bugünkü görüş turizm təhsili verən yerli və xarici ali təhsil ocaqlarının bilik və təcrübə mübadiləsinin aparılması baxımından vacib görüşdür", - deyə F.Nağıyev əlavə edib.