Azərbaycanın dilbər guşələrindən biri olan, strateji mövqedə yerləşən Laçının işğaldan azad edilməsindən üç il ötür.
YeniAvropa xatırladır ki, 44 günlük Vətən müharibəsinin gedişində ordusu tamamilə darmadağın edilən Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və üç rayonumuzdan, o cümlədən Laçından öz qoşunlarını çıxardı.
2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycan Silahlı Qüvvələrinə təhvil verildi və bununla da otuz ilə yaxın davam edən işğala son qoyuldu.
Bu il mayın 28-dən başlayaraq laçınlıların da doğma yurda qayıdışına start verilib. Artıq Laçın şəhəri 346 ailəyə qucaq açıb, 1326 laçınlının yurd həsrəti bitib. Zabux kəndinə isə 121 ailə, ümumilikdə 476 nəfər köçürülüb. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşırlar. Ümumiyyətlə Böyük Qayıdış Proqramına əsasən, 2023-cü ildə Laçın şəhərinə 700 ailənin, rayonun Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulur.