Ermənistan ilə münasibətlərin normallaşdırılması üzrə Azərbaycanın davamlı sülh gündəliyini təşviq etməsinə baxmayaraq, Ermənistan tərəfindən ölkəmizə qarşı ardıcıl şəkildə aparılan qarayaxma kampaniyası sülhə xidmət etmir.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində İsveç Krallığının xarici işlər naziri Tobias Billström ilə görüşündə səsləndirib.
Görüş zamanı Azərbaycan ilə İsveç arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb. Azərbaycan-İsveç ikitərəfli əməkdaşlıq gündəliyinin inkişafına impuls verilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi məsləhətləşmələrin təşkilinin əhəmiyyəti və rolu qeyd olunub.
Ceyhun Bayramov həmkarını Azərbaycan tərəfindən 24 saat ərzində həyata keçirilmiş antiterror tədbirlərini şərtləndirən amillər barədə məlumatlandırıb. Nazir bildirib ki, antiterror tədbirləri öhdəliklərə zidd olaraq ölkəmizin ərazilərində fəaliyyət göstərən erməni silahlı qüvvələrinin yaratdığı təhdidlərdən sonra həyata keçirilib. Ceyhun Bayramov görüşdə, həmçinin mövcud regional vəziyyət və Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində planları barədə danışıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.