Noyabr ayı bir çox ölkələrdə hava anomaliyaları ilə zəngin oldu. Bəzi ölkələrin iqlim şəraitinə səciyyəvi olmayan atmosfer hadisələri qeydə alındı.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva YeniAvropa-ya bildirilib ki, ölkəmizdə də payızın sonu üçün yüksək temperatur qeydə alınır. "Bakıda və Abşeron yarımadasında 20 metr/saniyəyədək güclənən cənub istiqamətli külək havanın temperaturunun 24,6 dərəcəyədək yüksəlməsi ilə müşayiət olunub.
U.Tağıyeva qeyd edib ki, son onilliklərdə yalnız 2006-cı il noyabrın 4-də Bakıda havanın maksimal temperaturu 24.7 dərəcə isti olub. Amma bu ilin noyabr ayında, artıq nisbətən soyuq keçən ayın üçüncü ongünlüyündə temperatur iqlim normasından xeyli yüksək oldu: "Ümumiyyətlə, noyabrın ötən 25 günü ərzində havanın temperaturu iqlim normasından 7.5 dərəcəyədək yüksək qeydə alınıb”.
Nazir müavininin sözlərinə görə noyabrın 27-si səhərdən Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, 28-də arabir yağış yağacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə 5-9 dərəcə aşağı enəcəyi gözlənilir.
"Azərbaycanın rayonlarında da 27-si gündüz dağlıq ərazilərdən başlayaraq 28-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcək”.