Milli Məclisin sədri Sahibə Qafarova İordaniyanın Azərbaycandakı yeni səfiri Ömər Barakat Əl-Nahar ilə görüşüb.
YeniAvropa xəbər verir ki, bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd edilib ki, Sahibə Qafarova bu gün həmçinin, Xorvatiyanın yeni səfiri Branko Zebiç və Yunanıstanın Azərbaycandakı yeni səfiri Xristos Kapodistrias ilə də görüşüb.
Görüşlərdə parlamentin sədri diplomatları ölkəmizdə səfir kimi işə başlamaları münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Sahibə Qafarova parlamentlərarası əlaqələrin ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin vacib komponentlərindən biri olduğunu bildirib. O, qanunverici orqanlar arasında əməkdaşlığın genişləndirilməsində dostluq qruplarının fəaliyyətinin önəmindən danışıb, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əlaqələrin inkişafına xidmət etdiyini deyib.
O, eyni zamanda, səfirləri regiondakı mövcud vəziyyət, Azərbaycanın sülhün və sabitliyin təmin olunmasında göstərdiyi səylər, Ermənistanın dezinformasiya xarakterli fəaliyyəti haqqında məlumatlandırıb.
Görüşlərdə ikitərəfli əlaqələrin genişləndirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.