Noyabr ayının 17-də saat 23:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Gövüzbulaq kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə DSX-nın mətbuat mərkəzindən bildirilib.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 18 kiloqram 710 qram narkotik vasitə (18 kiloqram 300 qram marixuana, 150 qram metamfetamin, 260 qram heroin) və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 3607 ədəd Metadon M-40 həbi aşkarlanaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.