Noyabrın 16-17-də Ukraynanın Kiyev şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının 62-ci plenar iclası keçirilib.
Azərbaycan parlamentinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, tədbirə Milli Məclisin deputatları - qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, QDİƏT PM sədrinin müavini Eldar Quliyev, nümayəndə heyətinin üzvləri Eldar İbrahimov, Musa Quliyev, Ramin Məmmədov, Jalə Əhmədova və Elşad Mirbəşiroğlu onlayn formatda qoşulublar.
Toplantıda Qara Dəniz regionunda təhlükəsizliyin möhkəmləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsində parlamentlərin rolu, fövqəladə hallar zamanı əməkdaşlıq, uşaq hüquqlarının qorunması və digər məsələlər müzakirə olunub. Həmçinin iclasda bir sıra təşkilati məsələlərə baxılıb, QDİƏT Parlament Məclisinin Baş katibi Asəf Hacıyev qurumun Baş katibi vəzifəsinə yenidən seçilib.
Yekunda qurumun növbəti sessiyasının tarixi, yeri və gündəliyi müəyyənləşdirilib.