logo

Bu gün 17 noyabr-Milli Dirçəliş Günüdür

09:29 17-11-2023 | icon 4368
Bu gün 17 noyabr-Milli Dirçəliş Günüdür

Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.

 YeniAvropa xatırladır ki,1988-ci ilin ilk günlərindən Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişi ilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmur, həm də onları öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə M.Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədi. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci il fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində iğtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi haqqında məsələ qaldırdılar.

Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. Xalq öz etirazını sakit şəkildə rəhbərliyə bildirdi. İlk zamanlar Azərbaycan vətəndaşları Moskvaya, yerli hakimiyyət başçılarına inanırdılar. Onların şüarları, gəzdirdikləri portret və bayraqlar bunu sübut edirdi.

Ancaq xalq anladı ki, həm Moskva, həm də Azərbaycanın o vaxtkı rəhbərliyi heç bir qəti tədbir görmək istəmir. Belə olduqda, respublikanın hər yerindən insanlar axın-axın Bakıya gəlir, Azadlıq meydanına (o vaxt V.İ.Leninin adını daşıyırdı) toplaşır, ermənilərin və Sovet hökumətinin belə münasibətinə qarşı mitinqlər keçirir, öz etirazlarını bildirirdilər.

1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi birləşmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi.

Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olundu.

1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.