logo

Noyabrın 15-dən paytaxtda istilik mövsümü başlayır-"Azəristiliktəchizat"

14:44 07-11-2023 | icon 1400
Noyabrın 15-dən paytaxtda istilik mövsümü başlayır-"Azəristiliktəchizat"

Artıq noyabrın 1-dən etibarən ölkənin dağlıq ərazilərinə istilik verilişinə başlanılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”na əsasən respublikanın dağ rayonlarında 1 noyabr tarixindən etibarən istilik verilişinə başlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə “Azəristiliktəchizat” ASC-dən məlumat verilib.

Bildirilib ki, ölkə üzrə 14 dağ rayonundan “Azəristiliktəchizat” ASC-nin qazanxanalarının mövcud olduğu 9 dağ rayonu - Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı payız-qış mövsümü ərzində 39 qazanxana və 1 istilik məntəqəsi vasitləsilə istiliklə təchiz olunacaq və mövsüm növbəti ilin may ayının 1-dək davam edəcək.

Dağ rayonlarında 34 yaşayış binasının, 16 orta məktəb, 3 uşaq bağçasının, 2 səhiyyə müəssisəsinin, 18 sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Bildirilib ki, Bakı şəhərində və digər rayonlarda isə payız-qış mövsümü cari ildə noyabrın 15-dən başlayır və növbəti il aprelin 15-nədək davam edir. Cari mövsümdə “Azəristiliktəchizat” ASC tərəfindən Bakı şəhəri və respublikanın regionlarında balansında olan 561 qazanxana və 88 istilik məntəqəsi vasitəsilə 3863 yaşayış binasının, 184,0 minə yaxın mənzilin, 286 orta məktəbin, 158 uşaq bağçasının, 150 səhiyyə müəssisəsinin, 162 büdcədən maliyyələşən və 2284 sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təmin edilməsi prioritetdir. 2023-2024-cü illər payız-qış mövsümünə hazırlıq işləri davam etdirilməkdədir və mövsümə vaxtında başlanması, istehlakçıların dayanıqlı və keyfiyyətli istilik enerjisi ilə təchiz edilməsi üçün nəzərdə tutulan bütün tədbirlərin vaxtında icra edilməsi təmin ediləcək.