Ermənistan bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət başa düşməlidir
Hazırda erməni silahlı birləşmələrinin və Ermənistanın ərazilərimizdə yaratdığı qondarma rejimin mövcudluğuna son qoyulduqdan sonra, bölgədə sülh və sabitlik üçün geniş imkanlar mövcuddur.
Bu münbit şəraitin fonunda, Azərbaycan iki ölkə arasında münasibətlərin normallaşması, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiya prosesinə sadiq qalaraq, Ermənistanı sülh prosesində konstruktiv və ədalətli mövqe nümayiş etdirməyə, bölgədəki reallıqları düzgün anlamağa çağırır.
Ermənistan tərəfi bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət başa düşməlidir.
YeniAvropa xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin 8 Noyabr- Zəfər Günü münasibətilə yaydığı bəyanatında yer alıb.
Bəyanatda, həmçinin bildirilir ki, müharibənin və münaqişənin bitməsindən dərhal sonra sülh təşəbbüsü ilə çıxış edən Azərbaycan öhdəliklərinə sadiq qalıb. Ölkəmiz iki ölkə arasında münasibətlərin normallaşması və sülh prosesini aktiv təşviq etməyə, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası istiqamətində tədbirləri davam etdirib. Bunun qarşılığında isə Ermənistan tərəfi Azərbaycan ərazilərinə qanunsuz olaraq silah, hərbi texnika və mina ötürülməsi fəaliyyətindən əl çəkməyib. Son nəticədə Azərbaycan tərəfi qanunsuz erməni qüvvələrinin mövcudluğuna son qoymaq və bütün ərazilərində tam suverenliyi bərpa etmək məqsədilə sentyabrın 19-20-də Qarabağ bölgəsində antiterror tədbirləri həyata keçirib.