logo

İstanbulda Türk Xəbər Agentlikləri Alyansının I Baş Assambleyası keçirilib

17:47 06-11-2023 | icon 1232
İstanbulda Türk Xəbər Agentlikləri Alyansının I Baş Assambleyası keçirilib

İstanbulda Türk Xəbər Agentlikləri Alyansının (ATNA) I Baş Assambleyası keçirilib.

YeniAvropa xəbər verir ki, tədbirdə ATNA-ya üzv ölkələrin - Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstanın xəbər agentliklərinin rəhbərləri, o cümlədən Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev iştirak ediblər.

Vüqar Əliyev tədbirdə çıxış edərək ATNA-nın fəaliyyətinin gücləndirilməsi üçün birgə səylərin göstərilməsinin vacibliyini vurğulayıb. O, bu məqsədlə bütün üzv agentlikləri təşkilatın həyatında fəal iştirak etməyə çağırıb.

Alyansın ilk tədbirində qəbul olunan qərarlara əsasən, Anadolu Agentliyi 2023-2025-ci illərdə ATNA-ya sədrlik edəcək. Agentliyin İdarə Heyətinin sədri və Baş direktoru Serdar Karagöz gələcək iki il üçün Alyansın prezidenti, Qazaxıstanın “Qazcontent” Agentliyinin İdarə Heyətinin sədri Bekzat Jussupov vitse-prezidenti,AZƏRTAC-ın Qlobal kommunikasiya və informasiya departamentinin müdiri Elşən Şahbalayev isə Baş katibi seçilib.

Gələcək dövr, yəni, 2025-2027-ci illərdə ATNA-ya Qazaxıstanın “Qazcontent” Agentliyi rəhbərlik edəcək. Alyansın növbəti Baş Assambleyasının Astana şəhərində keçirilməsi nəzərdə tutulur.

Tədbirdə təşkilatın beynəlxalq xəbər məkanına inteqrasiyası, fəaliyyət istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.