Xəzər rayon Polis İdarəsinin 3-cü polis şöbəsinə müraciət edən Binə qəsəbəsi sakini özündə olan 1 ədəd “Kalaşnikov” markalı avtomatı, 1 ədəd darağı və 10 ədəd patronu könüllü olaraq polislərə təhvil verib.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Bundan başqa, həmin qəsəbədə yaşayan daha bir paytaxt sakini gizlətdiyi 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəngi, 1 ədəd qumbaranı, eləcə də 3 ədəd patronun yeri barədə 3-cü polis şöbəsinə məlumat verib. Həmin silah-sursat təhlükəsizlik tədbirləri görülərək gizlədilən yerdən götürülüb. Polisə vaxtında məlumat verən vətəndaşlara təşəkkür edilib.
Şöbə əməkdaşları tərəfindən həmçinin son günlərdə keçirilən tədbirlər zamanı daha 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd qumbara, 15 ədəd patron və 1 ədəd patron darağı əməliyyat yolu ilə əldə edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.