logo

Ermənilərin Azərbaycana qarşı həyata keçirdikləri ekoloji təcüvüz Avropa mətbuatında

16:56 26-10-2023 | icon 1491
Ermənilərin Azərbaycana qarşı həyata keçirdikləri ekoloji təcüvüz Avropa mətbuatında

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi  ilə , «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctimai Birliyi(EMİB)  tərəfindən həyata keçirilən  “Ermənilərin Sərsəng su anbarı vasitəsilə həyata keçirdikləri ekoloji təcüvüz mövzusunda tədbirlərin təşkili” layihəsinin icrası başa çatıb.

EMİB-dən YeniAvropa-ya verilən məlumatda bildirilib ki, 4 ay müddətində icra olunan layihənin əsas məqsədi ermənilərin Sərsəng su anbarı vasitəsilə Azərbaycana qarşı həyata keçirdikləri ekoloji təcüvüz barədə Avropa  ictimaiyyətini məlumatlandırmaq olub.

Layihənin icrası məqsədilə erməni diasporunun daha aktiv fəaliyyət göstərdiyi Avropa  ölkələrində-İtaliya, Fransa, Almaniya, Rumıniya və İsveçin aparıcı KİV-lərində  ermənilərin bu məkrli hərəkətlərini ifşa edən yazılar yerləşdirilib. Məqalələrdə özünü “demokratik” dövlət adlandıran Ermənistan hakimiyyətinin iç üzünü Avropa ictimaiyyətinə göstərməyi çalışılıb. Və buna qismən nail olunub. Belə ki, layihə çərçivəsində  sözügedən ölkələrdə 6  KİV-də italyan, fransız, alman və ingilis dillərində hazırlanan  və ermənilərin  Dağlıq Qarabağ ərazisində Azərbaycana qarşı həyata keçirdikləri ekoloji terror barədə əhatəli və faktlarla zəngin yazılar dərc edilib.

Məqalələrdə qeyd edilib ki, Ermənistanın 30 ilə yaxın bir müddətdə Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi, işğal edilmiş ərazilərdə ölkəmizə qarşı apardığı təcavüzkar siyasəti, habelə təbii resurslarımızdan vəhşicəsinə istifadə edilməsi, transsərhəd çayların qəsdən çirkləndirilməsi nəticəsində ölkəmizin iqtisadiyyatına, eləcə də ekologiyasına ciddi ziyan vurulub. Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük bir hissəsi Ermənistanın işğalçı qüvvələrindən təmizlənsə də, Dağlıq Qarabağ ərazisində hələ də qeyri-qanuni erməni hərbi birləşmələri qalmaqdadır və bu qüvvələrin nəzarət etdiyi ərazilərdə Azərbaycana qarşı ekoloji təcavüz bu gün də davam etməkdədir. Belə ki, Dağlıq Qarabağdakı ən böyük su anbarını-Ağdərə rayonunda yerləşən Sərsəng su anbarını öz nəzarətlərində saxlamaqla işğalçı erməni hərbi birləşmələri ətraf rayonları ekoloji təcavüzə məruz qoyurlar. Qış aylarında  Sərsəng su anbarından suyu  buraxaraq təmas xəttinin yaşayış olan hissəsində torpaqları su altında qoyurlar, nəticədə sel baş verir, yollar dağılır,əkin sahələrinə ciddi ziyan dəyir. İnsanların və kənd təsərrüfatının suya çox böyük ehtiyac duyduğu yay mövsümündə isə əksinə, suyun qarşısı kəsirlər. Azərbaycanın kənd təsərrüfatına ciddi ziyan vurulur, əkin sahələrinin suvarılmasında problemlər yaranır, yaşıllıqlar quruyaraq məhv olur, torpağın bioloji strukturunda dönməz proseslər baş verir, bölgədə ciddi ekoloji gərginlik yaranır.

Digər tərəfdən, işğal dövründə tam baxımsızlıq üzündən Sərsəng su anbarının bəndi aşınmalara məruz qalıb, texnogen qurğuların əksəriyyəti sıradan çıxıb və hazırda burada təhlükəli bir vəziyyət yaranıb. İstənilən vaxt baş verə biləcək təbii texnogen hadisə və ya hər hansı bir təxribat bəndin dağılmasına gətirib çıxara bilər. Su ilə maksimum dolu olan Sərsəng su anbarının bəndinin dağılması bir saat ərzində qonşu Tərtər rayonunun, sonrakı 2-3 saat müddətində isə daha 6 rayonunun ərazisini su altında qoya bilər-ciddi humanitar böhrana səbəb ola bilər.Başqa sözlə işğalçılıq siyasətini davam etdirən Ermənistan hakimiyyəti Sərsəng su anbarından Azərbaycana qarşı əsl ekoloji və humanitar terror obyekti kimi istifadə etməyəcəyi heç də istisna edilmir.

Odur ki, Azərbaycan tərəfi bütün beynəlxalq təşkilatları ermənilərin Sərsəng su anbarı vasitəsi ilə həyata keçirdiyi ekoloji terror barədə məlumatlandırıb. 

2016-ci ildə Avropa Şurası Parlament Assambleyası “Azərbaycanın işğal altında olan ərazisindəki Sərsəng su anbarının təhlükəli vəziyyətinin yarada biləcəyi humanitar fəlakətə dair” qətnamə  qəbul edib.  Sənəddə işğal edilmiş Azərbaycan ərazilərində yerləşən su təchizatı və irriqasiya sistemlərinin beynəlxalq hüququn fundamental prinsipləri pozulmaqla Ermənistan tərəfindən qeyri-qanuni blokada edilməsi faktı kəskin şəkildə pislənilib. Assambleya Ermənistan hərbi qüvvələrini su anbarı və bütün əlaqəli irriqasiya sistemləri üzərindəki qeyri-qanuni nəzarəti əvvəlki beynəlxalq qətnamələrə uyğun şəkildə Azərbaycan hakimiyyətinə təhvil verməyə çağırıb. Qətnamə hər hansı hərbi təxribat planlarının qarşısını almaq və cari şərtlərdə kütləvi insan itkilərinə səbəb olacaq hər hansı qəza və ya təbii fəlakətə hazır olmaq məqsədilə beynəlxalq ictimaiyyəti dərhal tədbir görməyə səsləyib.

Xatırlatmaq yerinə düşər ki, bundan əvvəl BMT Baş Assambleyasının 7 sentyabr 2006-cı il tarixli “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” haqqında qətnaməsinə müvafiq olaraq, ATƏT-in ekoloji vəziyyətin qiymətləndirilməsi üzrə missiyası da təhlillər aparmış, müvafiq rəy vermişdi. Missiya belə nəticəyə gəlmişdi ki, lazımi su təchizatının çatışmazlığı kənd təsərrüfatına ciddi ziyan vurur və artıq bölgədə meşə massivlərin tamamilə məhv olmasına gətirib çıxarıb.

Beynəlxalq təşkilatların sənədlərində də qeyd olunduğu kimi, ermənilərin Sərsəng su anbarı vasitəsi ilə Azərbaycana qarşı həyata keçirdikləri ekoloji terrora son qoymağın vaxtı artıq çatmışdır. Sərsəng su anbarına nəzarət  və idarəetmə dərhal Azərbaycan tərəfinə təhvil verilməlidir.

Məqalələrdə qeyd edilib ki,Ermənistan öz hərbi birləşmələrini hələ də Dağlıq Qarabağ ərazilərində saxlamaqla,gələcəkdə də Azərbaycana qarşı ekoloji təcavüz siyasətini davam etdirmək kimi çirkin niyyətini bir daha ortaya qoymuş olur.