Biz beynəlxalq kommunikasiya xətlərinin çəkilməsinə razıyıq. Çünki sülhə aparan yol sülhlə bağlı görülən işlərin gündəliyindən keçir.
YeniAvropa xəbər verir ki, bu fikri Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən 4-cü Beynəlxalq İpək Yolu Forumundakı çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, Ermənistan bütün nəqliyyat və kommunikasiyaların açılmasında maraqlıdır. Əsas olan odur ki, nəqliyyat və kommunikasiyaların qurulması sülh şəraitində, ölkələrin suverenliyi çərçivəsində həyata keçirilsin. Hər bir ölkə öz dövlət qurumları vasitəsilə gömrük və sərhəd-keçid məntəqələrində nəqliyyatın və insanların təhlükəsizliyini də təmin etmiş olur.
“Ermənistanda elə bir qurum yaradılacaq ki, insanların və yüklərin təhlükəsizliyinə şərait yaratsın. Bütün ölkələr qarşılıqlı və bərabərlik prinsipi əsasında bir-birinin infrastrukturundan istifadə etsin”, - deyə Paşinyan bildirib.