logo

Ödəniş terminallarından oğurluq edən şəxslər saxlanılıb

14:59 25-10-2023 | icon 1288
Ödəniş terminallarından oğurluq edən şəxslər saxlanılıb

Bakı şəhəri və Abşeron rayonunda marketlərdə quraşdırılan ödəniş terminallarından oğurluq edən şəxslər saxlanılıblar.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yerləşən marketlərdən birində quraşdırılan içərisində 10 min 362 manat olan ödəmə terminalı naməlum şəxslər tərəfindən oğurlanıb. Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ödəmə terminalını oğurlamaqda şübhəli bilinən Salyan rayon sakinləri, əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Namiq Alxanov və həmyaşıdı Miri Fətiyev saxlanılıblar.

Araşdırma zamanı həmin şəxslərin paytaxtın müxtəlif ərazilərində, habelə Abşeron rayonunda daha bir neçə marketdə quraşdırılan ödəniş terminallarından oğurluq etdikləri məlum olub.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. N.Alxanov və M.Fətiyevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.