Azərbaycan ilə Ermənistan arasında münaqişə tənzimlənib, indi tərəflər üçün münasibətlərin tam normallaşdırılması üzrə bundan sonrakı praktik addımlar qalır.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov “3+3” formatında görüşün yekunlarına dair jurnalistlərə bildirib.
“Hər iki tərəf razılığa gəlib ki, Qarabağ Azərbaycana məxsusdur, bu isə əsas həll olunmamış problem idi. İndi, əlbəttə ki, münasibətlərin tam normallaşdırılması, ilk növbədə, sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası və hər hansı bir maneə olmadan nəqliyyat, iqtisadi əlaqələrin qurulması üzrə əməli addımlar qalır”, - deyə Rusiya xarici işlər naziri bildirib və qeyd edib ki, bu cür razılaşma Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşlərində əldə edilib.
Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiyası prosesi barədə danışan S.Lavrov xatırladıb ki, bunun üçün komissiya yaradılıb.
"Bütün ekspertlərə məlumdur ki, delimitasiyanı müzakirə etmək və razılaşdırmaq üçün lazım olan hər şey, o cümlədən sovet dövründən qalan kartlar Rusiya Federasiyasındadır. Biz praktik delimitasiyaya başlamaq üçün hər zaman həqiqi kömək göstərməyə hazırıq", - deyə rusiyalı nazir əlavə edib.