Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xankəndidən məcburi köçkün düşmüş vətəndaşların bir qrupu ilə görüşüb.
Dövlət KomitəsindənYeniAvropa-ya verilən məlumata görə, torpaqlarımızın işğaldan azad edilməsinin, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasının xalqımızda böyük qürur hissi doğurduğu qeyd olunub. Xankəndi şəhərinin inzibati ərazisinə daxil olan Kərkicahan qəsəbəsinin azərbaycanlı sakinlərinin erməni separatçılarına və işğalçılarına qarşı mübarizədə xüsusi fədakarlıqlar göstərdikləri xatırlanıb, şəhidlərin ruhuna ehtiram ifadə edilib.
Bildirilib ki, Xankəndinin 31 il əvvəl ata-baba ocağını tərk etmək məcburiyyətində qalmış azərbaycanlı sakinləri də geri dönmək, öz ev-eşiklərinə sahib çıxmaq arzusundadırlar və bu arzunun tezliklə gerçəkləşəcəyinə əmindirlər. Hazırda isə onlar, müvafiq dövlət orqanlarının icazəsi olduğu təqdirdə Xankəndiyə, Kərkicahana baş çəkmək, doğma yurdu ziyarətə getmək üçün şərait yaradılmasını xahiş edirlər.
Görüş iştirakçılarının müraciətləri qeydə alınıb, sualları cavablandırılıb, onlara Böyük Qayıdış prosesi ilə bağlı ətraflı məlumat verilib.