logo

Səhiyyə sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığı müzakirə edilib

10:30 11-10-2023 | icon 1141
Səhiyyə sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığı müzakirə edilib

Daşkənddə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan və Özbəkistan səhiyyə nazirliklərinin təşkilatçılığı ilə "Özbəkistan-Azərbaycan səhiyyə dekadası" keçirilir.

YeniAvropa xəbər verir ki, səhiyyə dekadası çərçivəsində Özbəkistanın səhiyyə naziri Amrillo İnoyatovun Azərbaycanın səhiyyə naziri Teymur Musayevlə ikitərəfli görüşü keçirilib.

Görüşdə qardaş ölkələr arasında ikitərəfli münasibətlər və əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb. Bildirilib ki, hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri dövlətlərarası dostluğun bariz nümunəsidir.

Qeyd olunub ki, oktyabrın 11-də Özbəkistan-Azərbaycan səhiyyə forumu keçiriləcək. Forum ikitərəfli əməkdaşlığın dərinləşməsi ilə yanaşı, səhiyyə sahəsində təcrübə mübadilələrinin gücləndirilməsi, dövlət-özəl tərəfdaşlığın stimullaşdırılması, bu sahəyə əlavə investisiyaların cəlb edilməsi üçün geniş imkanlar yaradacaq. Dekada çərçivəsində Azərbaycanın Səhiyyə Nazirliyinin həkim mütəxəssislərinin özbəkistanlı həmkarları ilə birgə keçirdikləri cərrahi əməliyyatlar, müayinə və müalicə prosedurları yüksək qiymətləndirilib. Vurğulanıb ki, bu tədbir qarşılıqlı əməkdaşlığı yeni müstəviyə keçirməklə, hər iki ölkənin həkimlərinin praktiki biliklərin artırılması və əhalinin sağlamlığının qorunmasında yeni imkanlar yaradacaq.

Görüş zamanı digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi də aparılıb.