Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 10-da bu ölkənin ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamuqiya ilə görüşüb.
YeniAvropa xəbər verir ki, görüşdə ekologiya sahəsində əməkdaşlığın istiqamətləri və nazirliklər arasında əlaqələrin dərinləşdirilməsi məsələləri diqqət mərkəzində olub.
Bildirilib ki, ölkələrimizi uzunmüddətli dostluq və uğurlu əməkdaşlıq bağlayır və əlaqələrimiz son yüksək səviyyəli səfərlər və görüşlər nəticəsində daha da dərinləşəcək.
İki ölkənin nazirliklərinin birgə əməkdaşlıq çərçivəsində ətraf mühitin mühafizəsi, o cümlədən meşələrin idarə olunması, xüsusi mühafizə olunan ərazilərin genişləndirilməsi istiqamətində həyata keçirdikləri islahatların əhəmiyyəti xüsusi vurğulanıb.
Qeyd olunub ki, Qafqaz regionu biomüxtəliflik baxımından dünyada ilk onluğa daxildir. Gürcüstan və Azərbaycan regionda mühüm yer tutur və birgə, regional və transsərhəd layihələrin həyata keçirilməsi hər iki tərəf üçün çox vacibdir. Bu, biomüxtəlifliyin qorunub saxlanmasına, milli parkların inkişafına kömək edəcək.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.