logo

Milli Ordumuzun ilk hərbi hissəsinin yaradılmasının 32-ci ildönümü qeyd olunub

15:30 09-10-2023 | icon 1099
Milli Ordumuzun ilk hərbi hissəsinin yaradılmasının 32-ci ildönümü qeyd olunub

Oktyabrın 9-da Azərbaycan Ordusunun ilk təməl daşı olan 18110 - 701 saylı briqadanın yaradılmasının 32 illiyi qeyd edilib.

YeniAvropa xəbər verir ki, Azərbaycan Hərb Tarixi Muzeyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi və 701 saylı hərbi hissənin Müharibə Veteranları Şurasının dəstəyi ilə keçirilən “Fədailər” tədbirinin ilk hissəsi Şəhidlər xiyabanında uyuyan qəhrəmanların məzarlarının ziyarət edilməsi və “Əbədi məşəl” abidə kompleksinin önünə əklilin qoyulması ilə başlayıb.

Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, QHT sədrləri, 701 saylı hərbi hissənin şəxsi heyəti, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Həmin hərbi hissənin Müharibə Veteranları Şurasının sədri Əzizağa Qənizadənin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin, həmin hərbi hissənin tərbiyəvi işlər üzrə müavini İntiqam Mirzəyevin, ehtiyatda olan polkovnik-leytenant Qurban Qurbanovun məruzələr və çıxışları dinlənilib.

Qeyd olunub ki, 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra vacib vəzifələrdən biri də güclü nizami ordunun yaradılması oldu. Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün oktyabrın 9-da ilk desant hücum taboru - 18110 saylı hərbi hissə yaradılmağa başladı. Sonradan isə 1992-ci ilin martından adı dəyişdirilərək 701 saylı hərbi hissə adlandırıldı. Bildirilib ki, “701” ordumuzun ilk təməl daşı hesab olunur. İlk briqadanın təməl daşı 18110 saylı hərbi hissə kimi tariximizə düşən 1-ci desant - hücum taboru tərəfindən qoyulub. Sonradan həmin hərbi hissənin komplektləşdirilməsi ilə hərbi hissəmizin “18110” şərti nömrəsi və öz rəqəmləri ilə böyük məna kəsb edən “701” oldu. Belə ki, 701 rəqəmi şərqin ilk demokratik Respublikasının 701 gün yaşaması şərəfinə təyin edildi. 18110 saylı (sonradan 701) hərbi hissəsinin ilk komandiri polkovnik Zadir Rzayev, taborun komandiri isə mayor Nurəddin Abdullayev təyin edilib.

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 701 saylı hərbi hissənin şəxsi heyəti öz imkan və qabiliyyətləri çərçivəsində vəzifələrini mətanətlə, ləyaqətlə, vicdanla yerinə yetirib. Qarabağ müharibəsinin bütün əməliyyatlarında briqada ən gərgin nöqtələrdə düşmənə qarşı vuruşub, briqadanın şəxsi heyəti əsgərdən tutmuş yüksək rütbəli zabitə kimi, öz vəzifələrini qətiyyətlə yerinə yetirib.

Həmin briqadanın əsgər və zabitlərindən döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə 4 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 11 nəfər Azərbaycan Bayrağı ordeninə layiq görülüb, 18 nəfəri isə “İgidliyə görə” medalı ilə təltif edilib.

Tədbirdə 701 saylı hərbi hissənin veteranlarının gənclərdə hərbi vətənpərvərlik ruhunu yüksəltmək istiqamətində gərgin iş apardığı, hərbi hissələrimizin, hərbçilərimizin Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətlərini geniş ictimaiyyətə çatdırmağa çalışdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, artıq 701 saylı briqadanın döyüş yolu Müdafiə Nazirliyinin tədris müəssisələrində ətraflı öyrənilir.