Avropa Şurası Parlament Assambleyasının(AŞ PA) payız sessiyasının plenar iclası öz işinə başlayıb.
YeniAvropa xəbər verir ki, AŞ PA-dakı Azərbaycan nümayəndə heyəti sessiyada iştirak edir.
Plenar iclasın ilk günündə Assambleyaya Türkiyə üzrə vitse-prezident seçkiləri keçiriləcək, həmçinin komitələrin tərkibindəki dəyişikliklərə nəzər salınacaq. Sonra avropalı parlamentarilər payız sessiyasının gündəliyini müzakirə edib təsdiqləyəcəklər.
Payız sessiyasının ilk günündə parlamentarilər Büro və Daimi komitələrin hesabatlarına münasibət bildirəcəklər.
Sessiya dövründə “Qarabağda humanitar vəziyyət”, “Dənizdə miqrant ölümləri”, “Ukraynada ədalətli sülhün və Avropada davamlı təhlükəsizliyin təmin edilməsi”, “İsrailə son hücumdan sonra Yaxın Şərqdə zorakılığın artması” və “Son hücumdan sonra Kosovonun Şimalında vəziyyət və gərginliyin azaldılması zərurəti” kimi cari məsələlərə dair debatların gündəliyə salınması müzakirə olunacaq.
Payız sessiyasının gündəliyi qəbul ediləcək və sessiya Monteneqroda növbədənkənar parlament seçkilərinin müşahidəsinə dair hesabatın dinlənilməsi ilə davam edəcək.