logo

Ermənistan razı olsa, Gürcüstanda ikitərəfli və üçtərəfli görüş keçirə bilər

16:56 08-10-2023 | icon 1666
Ermənistan razı olsa, Gürcüstanda ikitərəfli və üçtərəfli görüş keçirə bilər

Bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, bu sahədə ən düzgün seçim həm tarixi əlaqələri, həm də coğrafi faktoru nəzərə alaraq, əlbəttə ki, Gürcüstan ola bilərdi.

YeniAvropa xəbər verir ki, bu fikri Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 8-də Tbilisidə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında deyib.

Gürcüstanın bu məsələdə mümkün vasitəçilik imkanlarını ortaya qoyduğuna görə baş nazir İrakli Qaribaşviliyə minnətdarlığını bildirən dövlət başçısı qeyd edib: “Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik. Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gələ bilərlər”.