Rus sülhməramlılarının Azərbaycandakı statusu ikitərəfli əsasda müzakirə ediləcək-Putin
Ermənistan özü Qarabağı Azərbaycan Respublikasının bir hissəsi kimi tanıyıb.
YeniAvropa xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında bildirib.
Rusiya lideri qeyd edib: “Ermənistanın rəhbərləri birbaşa Azərbaycan ərazisini kvadratkilometrlərlə qeyd ediblər, təbii ki, Qarabağ da buraya daxildir”. Bununla da Qarabağın “statusu” ilə bağlı əsas, tamamilə həlledici məsələ həll olundu”. O əlavə edib ki, 30 il ərzində Qarabağın müstəqilliyini heç kim tanımayıb.
Putin deyib ki, o, Azərbaycan və Ermənistan rəhbərlərinin Praqa və Brüssel görüşləri, onlar arasında aparılan danışıqların nəticələri barədə mətbuatdan xəbər tutub. “Bizə bu barədə heç kəs deməyib. Mən şəxsən bu barədə mətbuatdan öyrəndim”, - deyə Prezident qeyd edib.
Qarabağdakı rusiyalı sülhməramlılarının statusu haqqında danışan Putin vurğulayıb ki, indi o, keyfiyyət baxımından dəyişib. Onun sözlərinə görə, Praqa və Brüssel görüşlərindən sonra Azərbaycan Prezidenti İlham Əliyev onunla söhbətində rusiyalı sülhməramlılarının Azərbaycan ərazisində olması və onların statusunun ikitərəfli əsasda müzakirə edilməli olacağına diqqət çəkib.
Putin, həmçinin qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyandan sonra rəsmi Bakı öz ərazisində konstitusiya quruluşunu bərqərar edib.
Keçmiş “DQR rəhbərləri”nin gələcək taleyinə toxunan dövlət başçısı xatırladıb ki, onlar Rusiya vətəndaşları deyil, hətta Vardanyan da Rusiya vətəndaşlığından imtina edib. “Mən elə başa düşürəm ki, onları heç İrəvanda da görmək istəmirlər”, - deyə V.Putin əlavə edib.