logo

Xələf Xələfov İbrahim Rəisi ilə Azərbaycan-İran əlaqələrini müzakirə edib

15:15 05-10-2023 | icon 1190
Xələf Xələfov İbrahim Rəisi ilə Azərbaycan-İran əlaqələrini müzakirə edib

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov oktyabrın 4-də İran İslam Respublikasına səfəri çərçivəsində İran prezidenti Seyid İbrahim Rəisi, Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi Əli Əkbər Əhmədian və xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşlər keçirib.

YeniAvropa xəbər verir ki, görüşlərdə Azərbaycan-İran münasibətlərinin hazırki durumu, həyata keçirilən təmaslar və ikitərəfli əlaqələrin danışıqlar nəticəsində irəli aparılması və yeni mərhələyə keçməsi üçün zəruri olan birgə qarşılıqlı addımların atılması, müvafiq tədbirlərin keçirilməsi müzakirə olunub.

Həmçinin cari il yanvarın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum edən terrorçunun məhkəmə tərəfindən ən ağır cəzaya məhkum olunması kontekstində ölkəmizin səfirliyinin fəaliyyətinin bərpası məsələsi müzakirə edilib.

Görüşlərdə, eyni zamanda, ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə xidmət edən vacib nəqliyyat-kommunikasiya, iqtisadi, eləcə də enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb. Bu layihələrin həyata keçirilməsi ilə bağlı hər iki ölkənin müvafiq qurumlarının sıx əməkdaşlığı təqdir olunub. Bu baxımdan ölkələrimizi birləşdirən Şimal-Cənub Nəqliyyat Dəhlizi, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında İran ərazisi vasitəsilə yeni kommunikasiya bağlantılarının yaradılması üçün layihələrin həyata keçirilməsi, energetika layihələri, xüsusilə “Xudafərin” və “Qız Qalası” su bəndlərinin istifadəyə verilməsini təmin edən tədbirlərin icrası, habelə Araz çayı üzərində digər enerji layihələri hər iki tərəfdən dəstəklənib.

Müzakirələrdə regional məsələlərə xüsusi diqqət yetirilib. Azərbaycan rəsmisi Ermənistanın və Qarabağ bölgəsindəki separatçı qüvvələrin siyasi və hərbi təxribatlarına son qoymaq, Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsini qanunsuz silahlı birləşmələrdən təmizləmək, mülki şəxslərə qarşı təhdidlərə son qoymaq, regionda sülh və əmin-amanlığı bərpa etmək məqsədi daşıyan lokal xarakterli antiterror tədbirləri barədə ətraflı məlumat verib. Bununla yanaşı, İran tərəfi erməni sakinlərin Qarabağ ərazisində sülh və əmin-amanlıq içində yaşamasını təmin edən Azərbaycan Konstitusiyası və qanunları əsasında reinteqrasiya prosesi barədə mərkəzi icra hakimiyyəti orqanlarının həyata keçirdiyi genişmiqyaslı tədbirlər barədə məlumatlandırılıb. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması və münasibətlərin normallaşdırılmasının regionda təhlükəsizlik və sabitlik üçün mühüm rol oynadığı və bu istiqamətdə region ölkələrinin səylərinin birləşdirməsinin vacib olduğu bildirilib.

Çoxşaxəli Azərbaycan-İran münasibətləri, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlığın öz növbəsində regionda əmin-amanlıq, etimad və inkişaf məqsədlərinə xidmət etdiyi qeyd olunub.

Görüşlərdə, İran tərəfindən bu ölkənin Azərbaycan Respublikası ilə bütün sahələrdə əlaqələri genişləndirmək və inkişaf etdirmək iradəsində olduğu bildirilib.