Oktyabrın 5-də Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində “NASA “Gateway” proqramı: Ay orbitində bəşəriyyətin ilk kosmik stansiyası” adlı plenar iclas keçirilib.
YeniAvropa xəbər verir ki, NASA “Gateway” Proqramının strateji rabitə meneceri Tiffani Trevisin moderatorluğu ilə keçirilən iclasda “Gateway” proqramının meneceri Con Olansen, Yaponiya Aerokosmik Araşdırmalar Agentliyinin “Gateway” proqram meneceri Fumiya Tsutsui və Beynəlxalq Kosmik Stansiya Proqramının meneceri Frank De Winne və başqaları iştirak ediblər.
İclasda 2025-ci ildə kosmik stansiyanın ilk elementlərinin Ay orbitinə buraxılması öncəsi “Gateway” proqramı üzrə gedişat barədə məlumat verilib. Bildirilib ki, NASA-nın “Gateway” proqramı Ay orbitində bəşəriyyətin ilk kosmik stansiyasını qurmağa yönəlmiş beynəlxalq və kommersiya əməkdaşlığı layihəsidir.
Paneldə “Gateway” proqramı çərçivəsində aparılan elmi araşdırmaların bütün bəşəriyyət üçün faydalı olduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, həmçinin bu proqram “Northrop Grummanın Cygnus” arxitekturası, qabaqcıl günəş elektrik mühərriki və avtonomiya kimi kosmosda mövcud və qabaqcıl texnologiyaların tətbiqi ilə aerokosmik sənayeni inkişaf etdirir. Eyni zamanda, beynəlxalq astronavt qruplarının Ayda daha uzun müddətli qalmaq missiyalarını təşkil edir. Ən vacibi isə bu proqram gələcək nəsli Marsa səyahətə hazırlaşdırır.
Sonda suallar cavablandırılıb.