Rusiya sülhməramlılarının Qarabağda qalması məsələsini Bakı ilə müzakirə edəcək-Kreml
Rusiya sülhməramlı kontingentinin gələcəkdə Qarabağda qalması məsələsi Bakı ilə müzakirə ediləcək.
YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Hələ çətin ki, kimsə bu suala cavab versin, çünki söhbət indi Azərbaycan ərazisində yerləşən missiyadan gedir. Bu, bizim Azərbaycan tərəfi ilə müzakirəmizin predmeti olacaq”, - deyən D.Peskov “Dağlıq Qarabağ Respublikasının” özünü buraxmasından sonra Qarabağdakı Rusiya sülhməramlı missiya ilə bağlı suala cavab verərkən bildirib.
Kremlin sözçüsü, həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına dair sualı cavablandırıb. O qeyd edib ki, Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması məsələsi aktual olaraq qalır.
“Bu məsələ, sözsüz ki, aktualdır. Bundan başqa, regionda əlbəttə ki, nəqliyyat kommunikasiyalarının, logistikanın inkişaf etdirilməsi ilə bağlı planlar mövcuddur. Bu həm Azərbaycan, həm Ermənistan, həm də Rusiya üçün çox əhəmiyyətlidir. Ümid edirik ki, bu iş davam etdiriləcək”, - deyə Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.