Azərbaycan Respublikasının ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.
YeniAvropa xəbər verir ki, bu barədə DSX-nin Mətbuat mərkəzindən bildirilib. Qeyd edilib ki, R.Vardanyan Xidmətin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.
Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.