logo

Qərbi Azərbaycana qayıdışla bağlı komissiya yaradılır

14:34 25-09-2023 | icon 1001
Qərbi Azərbaycana qayıdışla bağlı komissiya yaradılır

"Qərbi Azərbaycana qayıdışla bağlı komissiya yaradılır".

YeniAvropa xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə keçirilən "Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər" mövzusunda ictimai dinləmədə çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, Ermənistan ərazisində sonuncu deportasiya zamanı soydaşlarımıza qarşı törədilən cinayət faktları barədə çoxlu faktlar, sənədlər, şahid ifadələri var: "Qərbi Azərbaycan İcmasının müraciəti ilə Respublika Baş Prokurorluğu bu istiqamətdə müvafiq addımlar atıb və bu iş davam edir. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına diqqət yetirsəniz, görərsiniz ki, Qərbi Azərbaycan İcması nəinki son 100 ildə, bütövlükdə ötən iki əsr ərzində soydaşlarımıza qarşı törədilmiş ədalətsizliyi qəbul etmir və bu ədalətsizliyin nəticələrini rədd edir. İcma Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, qaçqınların statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılmasını və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsini özünün əsas hədəfi kimi bəyan edir".

Ə.Ələkbərli bildirib ki, Qərbi Azərbaycan indiki Ermənistan ərazisinin son qarışına qədər tarixi Azərbaycan torpaqlarıdır və bu torpaqların son qarışına qayıdana qədər mübarizə davam edəcək: "Bu tarixi vəzifənin həyata keçirilməsinin hüquqi aspektlərinin müəyyən edilməsində və həyata keçirilməsində hüquqşünaslarımızın bilik və təcrübəsinə böyük ehtiyac var. Bu məqsədlə Qərbi Azərbaycan İcmasında Hüquq Komissiyasının formalaşdırılması istiqamətində iş gedir. Həmin komissiyanın bəzi üzvləri bu gün bu tədbirdə də iştirak edir. Mən fürsətdən istifadə edərək bütün hüquqşünaslarımızı komissiya ilə yaxından əməkdaşlığa çağırıram".