Qarabağ Azərbaycanın bir hissəsidir, bu regionun əhalisinin hüquq və təhlükəsizliyi konkret çərçivədə təmin edilməlidir və bu, bizim rəsmi mövqeyimizdir.
YeniAvropa xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nəsir Kənani Tehranda keçirdiyi həftəlik mətbuat konfransında deyib.
O bildirib ki rəsmi Tehran Cənubi Qafqazda baş verən prosesləri diqqətlə izləyir və dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığına tərəfdardır. Qarabağ Azərbaycanın tərkib hissəsidir və Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır.
N. Kənani Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkiləri”nə münasibət bildirərkən vurğulayıb ki, vəziyyəti gərginləşdirə biləcək addımlardan çəkinmək lazımdır. İran vəziyyətin gərginləşməsi istiqamətində atılan addımların əleyhinədir.
XİN-in sözçüsü, həmçinin vurğulayıb ki, İran Şimal qonşusu ilə sərhədlərinin təhlükəsizliyinə əmindir.