Azərbaycan və Slovakiya arasında ikiqat vergitutma aradan qaldırılır.
YeniAvropa xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 8-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Saziş 2023-cü il iyulun 7-də Bratislava şəhərində imzalanıb.
Sazişə əsasən Slovakiyanın rezidenti bu Sazişin müddəalarına uyğun olaraq Azərbaycanda vergiyə cəlb edilə bilən gəlir əldə edərsə, Slovakiya həmin rezidentin gəlirindən Azərbaycanda ödənilən gəlir vergisinə bərabər məbləğdə verginin çıxılmasına icazə verir. Bununla belə, bu cür çıxılma heç bir halda çıxılma verilməzdən əvvəl Azərbaycanda hesablanmış vergiyə cəlb edilə bilən gəlirə aid olan vergi məbləğindən artıq olmamalıdır.
Əgər bu Sazişin hər hansı bir müddəasına müvafiq olaraq, Slovakiyanın rezidenti tərəfindən əldə edilmiş gəlir Slovakiyada vergidən azaddırsa, Slovakiya, qeyd olunana baxmayaraq, həmin rezidentin qalan gəlirinə vergi hesablayarkən, vergidən azad edilmiş gəliri nəzərə ala bilər.
Sənədə görə, Azərbaycan Respublikasının rezidenti bu Sazişin müddəalarına uyğun olaraq Slovakiyada vergiyə cəlb edilə bilən gəlir əldə edərsə, Azərbaycan həmin rezidentin gəlirindən Slovakiyada ödənilən gəlir vergisinə bərabər məbləğdə vergi çıxılmasına icazə verir. Bununla belə, bu çıxılma Azərbaycanın qanunvericiliyinə və vergitutma qaydalarına uyğun olaraq həmin gəlir üçün hesablanmış vergi məbləğindən artıq olmamalıdır.