logo

İƏT nümayəndə heyətinin Füzuli rayonuna səfəri başlayıb

14:41 03-09-2023 | icon 1631
İƏT nümayəndə heyətinin Füzuli rayonuna səfəri başlayıb

İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb. Səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsidir.

YeniAvropa xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərə səfər çərçivəsində əvvəlcə Füzuli rayonuna gəliblər. Onlar Füzulidə dağıdılmış dini obyektlərin və qəbiristanlıqların monitorinqini aparacaq, Azərbaycan dövləti tərəfindən həyata keçirilən yenidənqurma işləri ilə tanış olacaqlar.

Nümayəndə heyətinin Qaraxanbəyli və Merdinli məzarlıqları, Merdinli məscidi, Füzuli şəhərinin tarixi mərkəzinin dağıntıları və yeni yaşayış məhəlləsi ilə tanış olması, Ermənistanın işğalı nəticəsində zərər çəkmiş şəxslərlə görüş keçirilməsi nəzərdə tutulur.