logo

Ermənilər nədən Yevlax görüşünə gəlmədilər?-AÇIQLAMA

17:15 31-08-2023 | icon 1379
Ermənilər nədən Yevlax görüşünə gəlmədilər?-AÇIQLAMA

Razılaşma vardı ki, Ağdam-Xankəndi yolu açılsın, ardınca Azərbaycanın gömrük və sərhəd rejimi qaydaları tətbiq olunmaqla Laçın-Xankəndi yolu da açılacaqdı, erməni sakinlərin nümayəndələri Azərbaycanın Yevlax şəhərində müvafiq görüşə gəlməli, ilkin təmaslar başlamalı idi. Son anda onlar bundan imtina etdilər. Bu imtinanın da məqsədi siyasi manipulyasiya, siyasi propoqandadır. Əgər onların əsl niyyəti reinteqrasiya məsələləri, sülh yolu ilə məsələlərin həll edilməsi olsaydı, bu görüşə gələrdilər.

YeniAvropa xəbər verir ki, bunu Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda jurnalistlərə açıqlamasında söyləyib.

Bu yaxınlarda Azərbaycanın dəvəti ilə Ağdamda da görüş keçirilməsi ilə bağlı razılaşmanın olduğunu xatırladan Hikmət Hacıyev deyib: “Onlar bundan da imtina etdilər. Dialoqdan, təmaslardan imtina edilməsi, yolun açılmasından imtina edilməsi tamamilə qeyri-konstruktiv, aqressiv siyasətin təzahürüdür. Bunun məsuliyyəti özünü qondarma rejimin nümayəndələri kimi təqdim edən şəxslərin, həmçinin Ermənistan rəhbərliyinin üzərinə düşür. Burada Ermənistanın da bilavasitə məsuliyyəti var. Qondarma rejimin saxlanılması Ermənistanın dövlət büdcəsi hesabına həyata keçirilir. Ermənistan silahlı qüvvələrinin elementləri hələ də Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirir. Qondarma qurumun silahlı qüvvələrinin mövcudluğu da davam edir. Bu, regional sülh və təhlükəsizlik üçün ciddi təhdiddir. Onlar hələ də ərazilərin minalanması prosesini davam etdirirlər. Bu da Azərbaycan üçün qəbuledilməzdir. Ermənistanın bu kimi əməlləri Azərbaycanın daxili işlərinə qarışmaqdır, regional sülh və təhlükəsizliyi pozmaqdır və iki ölkə arasında sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesinə çox ciddi zərbədir”.