Rusiya sülhməramlılarının vəzifəsi Qarabağ ermənilərinin hüquqlarının təmin edilməsidir-Mariya Zaxarova
Ermənistan hakimiyyətinin Qarabağın Azərbaycana məxsus olduğunu tanımasından sonra formalaşan yeni şəraitdə Rusiya sülhməramlı kontingentinin vəzifəsi Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi, o cümlədən onların Bakı ilə birbaşa dialoqu kontekstində mümkün olan hər cür köməyin göstərilməsidir.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.
O, razılaşmaların yerinə yetirilməsini Bakı ilə Qarabağın erməni sakinləri arasında danışıqların zəmanəti adlandırıb.
“Əgər hansısa razılıq əldə olunubsa, üstəlik yüksək səviyyədə imzalarla təsdiq edilibsə, o zaman başqa şərhlərlə, başqa konstruksiyalar düşünüb tapmaqla, üçüncü, hətta beşinci və onuncu tərəfləri cəlb etməklə məşğul olmaq deyil, onu reallaşdırmaq lazımdır. Razılaşmaların reallaşdırılmasında hərc-mərclik başladığı an zəmanət arxa plana keçir”, - deyə Zaxarova əlavə edib.