logo

Ermənistan terroru dövlət səviyyəsində dəstəkləyir və bunun qurbanı təkcə Azərbaycan deyil

17:34 21-08-2023 | icon 2618
Ermənistan terroru dövlət səviyyəsində dəstəkləyir və bunun qurbanı təkcə Azərbaycan deyil

Ermənistan terroru dövlət səviyyəsində dəstəkləyir və bunun qurbanı təkcə Azərbaycan deyil”.

YeniAvropa xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Terror Qurbanlarının Xatirəsini Anma Günü ilə bağlı  sosial şəbəkə  hesabında etdiyi paylaşımda əksini tapıb.

Qeyd olunub ki, erməni terrorunun qurbanı təkcə Azərbaycan deyil.

“Məlumdur ki, terroru dövlət səviyyəsində dəstəkləyən ölkə olan Ermənistanın terror təşkilatları, o cümlədən ASALA dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədib. Erməni terror təşkilatları Azərbaycana qarşı ərazi iddialarının ardınca 1980-ci illərdən başlayaraq Azərbaycanın mülki əhalisini hədəfə alıblar. Azərbaycanın mülki əhalisinə qarşı ictimai avtobusların və metro qatarlarının partladılması daxil olmaqla 30-a yaxın irimiqyaslı terror aktı törədilib. Bu gün biz erməni terrorunun günahsız qurbanlarının xatirələrini ehtiramla yad edirik”, - XİN-dən bildirilib.

Nazirlikdən qeyd olunub ki, Ermənistanın işğalı zamanı dinc əhaliyə qarşı terror aktları, soyqırımlar, insanlığa qarşı cinayətlər törədilib: “Bir gecədə 613 azərbaycanlının qətlə yetirildiyi Xocalı soyqırımı bu cinayətlərin bariz nümunələrindən biridir. Ermənistan terrorizmi pisləmək əvəzinə, terroru ucaltmaqla məşğuldur. Bu yaxınlarda İrəvanda terrorçu Nemesis əməliyyatına həsr olunmuş abidənin açılışı da bunun göstəricilərindən biridir. Bu cür məsuliyyətsiz addımlar beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə pislənməlidir. Beynəlxalq Terror Qurbanlarının Xatirəsini Anma Günündə beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edən terrordan əziyyət çəkən bir ölkə olaraq biz beynəlxalq terrorla mübarizə səylərinə daha çox töhfə verməkdə qərarlıyıq”.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə isə bildirib ki, Azərbaycan ərazisində Ermənistanın başlatdığı, törətdiyi və təşkil etdiyi terror aktları minlərlə günahsız insanın həyatına son qoyub.
“Biz bunu heç vaxt unutmayacağıq”, - deyə o, vurğulayıb.