logo

İlham Əliyev “Diamed” dərman zavodunun açılışında iştirak edib

14:14 15-08-2023 | icon 2338
İlham Əliyev “Diamed” dərman zavodunun açılışında iştirak edib

Prezident İlham Əliyev Bakının Pirallahı rayonunda “Diamed” dərman istehsalı zavodunun açılışında iştirak edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Diamed Development Group” MMC-nin təsisçisi Aytən Quliyeva dövlət başçısına görülən işlər barədə məlumat veriblər.

Layihənin əhəmiyyəti barədə videoçarx nümayiş olunub.

Qeyd edək ki,  bir hektar ərazidə yerləşən “Diamed Development Group” MMC dərman zavodu 3 min kvadratmetr qapalı sahədən ibarətdir.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC bu dərman zavodunun tikintisinin maliyyələşdirilməsində də iştirak edib. Ümumi dəyəri 15,6 milyon manatdan çox olan “Diamed” dərman zavodunda “Azərbaycan İnvestisiya Şirkəti”nin payı 20 faizdir.

Bu müəssisəyə dövlət tərəfindən digər dəstək tədbirləri də göstərilib. Belə ki, layihənin reallaşması üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 6 milyon manat güzəştli kredit verilib. Sahibkarlığın inkişafına digər bir dövlət dəstəyi çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi sayəsində müəssisə idxal etdiyi avadanlıqlara görə 1,3 milyon manat güzəşt əldə edib.

Prezident İlham Əliyev zavodu işə salıb.

İstehsal prosesi ilə yaxından tanış olan dövlət başçısına məlumat verilib ki, zavodda müxtəlif adlarda, geniş çeşiddə (NaCl 0,9 faiz; Ringer; Ringer laktat; Qlükoza və s.) və müxtəlif həcmlərdə (100 ml, 200 ml, 250 ml, 400 ml, 500 ml) həyati vacib və zəruri venadaxili dərman məhlulları istehsal olunacaq. Müəssisənin illik istehsal gücü 20 milyon litrdir. Qeyd olundu ki, ölkəmizin bu dərmanlara olan illik tələbatı isə təxminən 15 milyon litrdir. Beləliklə, müəssisədə istehsal edilən məhsulların yerli bazarın tələbatını ödəməsi ilə yanaşı, Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixracı da nəzərdə tutulur.

“Diamed” dərman zavodunda 100 iş yeri yaradılıb. Müəssisənin layihəsi İsveçrə şirkəti tərəfindən Qabaqcıl İstehsal Təcrübəsinə (GMP), istehsal xətti isə Avropa Farmakopeyasına uyğun olaraq hazırlanıb. Yüksək texnologiya və tam qapalı sistemlə təchiz edilmiş zavodun istehsal avadanlıqları İtaliya, ABŞ, Almaniya, İsrail kimi ölkələrdən alınıb. İstehsal olunan məhsullar zavoda məxsus müasir laboratoriyada Avropa Farmakopeyasının tələblərinə uyğun mütəmadi olaraq yoxlanılır.