logo

İordaniya səfirinin diplomatik fəaliyyəti başa çatıb-XİN-də görüş

15:30 03-08-2023 | icon 1792
İordaniya səfirinin diplomatik fəaliyyəti başa çatıb-XİN-də görüş

Avqustun 3-də xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Sami Abdulla Goşehini ölkəmizdəki diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki,görüşdə iki ölkə arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov fəaliyyəti müddətində Azərbaycan və İordaniya arasında münasibətlərin inkişafında göstərdiyi səylərə görə səfir Sami Abdulla Goşehiyə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

İki ölkə arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, humanitar, mədəniyyət, turizm və sair sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcudluğundan bəhs edən nazir əlaqələrin inkişafında qarşılıqlı təmasların, siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyətini qeyd edib. Regional və beynəlxalq təşkilatlar, platformalar, o cümlədən Qoşulmama Hərəkatı (QH), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.

Səfir Sami Abdulla Goşehi Azərbaycanda səfir qismində diplomatik fəaliyyətdə olduğu müddət ərzində ölkəmiz tərəfindən irəli sürülən qlobal təşəbbüslərin təqdirəlayiq olduğunu bildirib. İordaniya ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə daha sıx əməkdaşlıq üçün perspektivlərin olduğu, bu xüsusda iki ölkə arasında təmasların davam etdirilməsinin vacibliyi qeyd olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.