İyulun 29-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya Sülhməramlı Qüvvələrinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib.
YeniAvropa xəbər verir ki, nazir müşavirədə Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqinin son günlərdə intensivləşməsinə toxunaraq, hava gəmilərinin təhlükəsizliyinin təminatı ilə bağlı müvafiq göstərişlər verib.
Hərbi qulluqçuların peşəkarlığının, praktiki vərdişlərinin və bölmələrin döyüş qabiliyyətinin daima yüksək səviyyədə saxlanılması məqsədilə qoşunların qarşılıqlı fəaliyyətdə keçirdiyi təlimlərin real döyüş şəraitinə uyğun təşkil edilməsi, əməliyyat planlarının mütəmadi olaraq dəqiqləşdirilməsi, habelə təlimlərin keyfiyyətinin daha da artırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.
Müşavirədə yeni tədris dövrü ərzində qoşunların döyüş hazırlığı və hərtərəfli təminatı, xüsusilə qışa hazırlıq məsələləri müzakirə edilib, qarşıda duran bir sıra tapşırıqlar aidiyyəti üzrə qoşun növü komandanlarına çatdırılıb.
Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi və yanğın əleyhinə zəruri tədbirlərin görülməsinin əhəmiyyəti qeyd olunub.