logo

Ermənilər Qarabağ üzərindən uçan təyyarələrə radiomaneələr tətbiq edir

10:10 15-07-2023 | icon 2786
Ermənilər Qarabağ üzərindən uçan təyyarələrə radiomaneələr tətbiq edir

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycandakı ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ölkəmizin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq olunur.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, iyulun 13-də saat 11:54-dən 12:07-dək Zəngilan-Füzuli və saat 13:02-dən 13:17-dək Füzuli-Bakı marşrutları üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus Gulfstream G280 sərnişin təyyarəsinə qarşı radiomaneələrin tətbiqi nəticəsində onun GPS peyk naviqasiya sistemində fasilə yaranıb.

“Bildiririk ki, qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı əvvəllər də radiomaneələrin tətbiq edilməsi faktı qeydə alınıb. Bu kimi halların hava uçuşlarının təhlükəsizliyinə ciddi təhdid təşkil etdiyi barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına tərəfimizdən dəfələrlə edilən müraciətlərə baxmayaraq, heç bir tədbir görülməyib”, - məlumatda vurğulanıb.