logo

Tovuz döyüşlərindən 3 il ötür

10:10 12-07-2023 | icon 3675
Tovuz döyüşlərindən 3 il ötür

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməsindən üç il ötür.

YeniAvropa xəbər verir ki, beş gün davam edən şiddətli döyüşlərdə 12 hərbçimiz və 1 mülki vətəndaşımız - kənd sakini şəhid oldu. Bu döyüşlər müasir tariximizə Tovuz döyüşləri kimi daxil oldu. İyul döyüşlərində əldə edilən uğur bizi Qarabağ zəfərinə apardı...

İyulun 12-dən başlayan aktiv döyüş əməliyyatları iyulun 17 –si axşam saatlarınadək davam edib. Bu müddət ərzində Ermənistan silahlı qüvvələrinin mövqelərimizi ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib. Beşgünlük döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 9-da imzaladığı sərəncamlarla Polad Həşimov və İlqar Mirzəyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Lələtəpədən başlanan, Tovuz döyüşləri ilə davam edən Zəfər yolu 44 günlük Vətən müharibəsi ilə taclandırıldı, Qarabağımız işğaldan azad edildi və bu gün Şuşada üçrəngli bayrağımız qürurla dalğalanır.