logo

AQTA Masallıda yağ istehsalı müəssisəsini qapatdı

14:12 08-06-2023 | icon 3031
AQTA Masallıda yağ istehsalı müəssisəsini qapatdı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) ölkədə qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, görülən tədbirlər çərçivəsində Masallı rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə rayonun Qızılağac kəndi ərazisində fiziki şəxs Sadıqov Zahid Qiyas oğluna məxsus yağ istehsalı müəssisəsində yoxlama aparılıb.

Yoxlama zamanı müəssisənin qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun olmadan fəaliyyət göstərdiyi, müəssisədə istehsal edilən bitki tərkibli spred yağ məhsullarının xüsusi formaya salınaraq Bakı və ətraf rayonların satış məntəqələrində “kərə yağı” adı altında satışının həyata keçirildiyi, kustar üsullarla antisanitar şəraitdə istehsal olunmuş məhsulların üzərində etiketlənmə aparılmadığı, sanitariya-gigiyena qaydalarının gözlənilmədiyi, qida məhsullarının daşınmasına dair tələblərin pozulduğu, işçi üçün sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə sahəsinin təşkil olunmadığı, xüsusi iş geyimi ilə təmin edilmədən fəaliyyət göstərdiyi və dövri tibbi müayinədən keçmədiyi aşkarlanıb.

Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aşkar olunan nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, müəssisənin istehsal fəaliyyəti məhdudlaşdırılıb.