logo

AŞPA-nın yay sessiyasının ilkin gündəliyi açıqlanıb

12:12 31-05-2023 | icon 1176
AŞPA-nın yay sessiyasının ilkin gündəliyi açıqlanıb

İyunun 19-dan 23-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası keçiriləcək.

YeniAvropa xəbər verir ki, AŞPA-nın yay sessiyasının ilkin gündəliyi açıqlanıb. Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinin siyasi nəticələri, Rusiya və Belarus idmançılarının Paris-2024 Olimpiya Oyunlarında iştirakı ilə bağlı birgə fövqəladə debat sessiyanın plenar iclasının əsas məqamlarından biri olacaq.

Yay sessiyası çərçivəsində Sloveniya prezidenti Nataşa Pirç Musarın, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun çıxışları gözlənilir. Latviyanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Edqar Rinkeviçin parlamentarilərin suallarını cavablandıracağı, eləcə də Avropa Şurasının Baş katibi Mariya Pejçinoviç Buriç ilə sual-cavab sessiyası keçirəcəyi planlaşdırılır.

Həmçinin miqrantların və qaçqınların inteqrasiyası, sənədsiz və ya qeyri-qanuni işçilərin sağlamlığı və sosial müdafiəsi ilə bağlı xüsusi birgə müzakirələr aparılacağı bildirilir.

Böyük Britaniyada insan haqları qanununun islahatı, mühacirətdə və transmilli repressiya zamanı belorusların üzləşdiyi spesifik problemlərin həlli kimi mövzular da yay sessiyasının gündəliyində əks olunub. Sessiyada fövqəladə hallarda səhiyyəyə vahid yanaşmanın zəruriliyi və rəqəmsal uçurumun aradan qaldırılması ilə bağlı məsələlərin müzakirəsi də gözlənilir.

Parlamentarilər yay sessiyası çərçivəsində Avropa Şurasının 2024-2027-ci illər üçün büdcə və prioritetlərini, habelə AŞPA-nın 2024-2025-ci illər üçün xərclərini müzakirə etməlidirlər.